UEFA Çempionlar Liqasının sonuncu turuna start verilib

A- A A+

Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu - 6-cı turun oyunlarına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşma baş tutub.

B qrupunda səkkizdəbir finala yüksəlməsi dəqiqləşən İngiltərənin "Liverpul” klubu İtaliyada "Milan" üzərində əzmkar qələbə qazanıb - 1:2. Qrupun digər oyununda Portuqaliyanın "Portu" komandası evdə İspaniyanın "Atletiko Madrid” klubuna uduzub - 1:3. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, Porto şəhərinin eyniadlı təmsilçisi UEFA Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə avrokuboklarla vidalaşıb.

C qrupunda Türkiyənin "Beşiktaş" klubu Almaniyada "Borussiya"ya böyük hesabla uduzub - 0:5. Digər görüşdə isə qrup qalibi olan Niderlandın "Ayaks" klubu Portuqaliyanın "Sportinq" komandasını üstələyib - 4:2.

A qrupunda “Paris Sen-Jermen” Fransada Belçikanın "Brügge" klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da A qrupunda mübarizəyə yekun vurulub. "Mançester Siti" qrupda ilk, “Paris Sen-Jermen” isə ikinci pilləni daha əvvəl təmin etdiyindən səkkizdəbir finala adlayıblar. "Leyptsiq" isə 3-cü yeri tutaraq, UEFA Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Brügge” (Belçika) - 4:1;

“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 2:1.

Qrupdakı vəziyyət: “Mançester Siti” - 12, “Paris Sen-Jermen” - 11, “Leyptsiq” - 7, “Brügge” - 4.

B qrupu

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) - 1:2;

“Portu” (Portuqaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:3.

Qrupdakı vəziyyət: “Liverpul” - 18, Atletiko Madrid” - 7, “Portu” - 5, “Milan” - 4.

C qrupu

“Borussiya Dortmund” (Almaniya) – “Beşiktaş” (Türkiyə) - 5:0;

“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) - 4:2.

Qrupdakı vəziyyət: “Ayaks” - 18, “Sportinq” - 9, “Borussiya Dortmund” - 9, “Beşiktaş” - 0.

D qrupu

“Real Madrid” (İspaniya) – “İnter” (İtaliya) - 2:0;

“Şaxtyor Donetsk” (Ukrayna) – “Şerif” (Moldova) - 1:1.

Qrupdakı vəziyyət: “Real Madrid” - 15, “İnter” - 10, “Şerif” - 7, “Şaxtyor” - 2.

Qeyd edək ki, indiyədək “Mançester Siti”, “Paris Sen-Jermen”, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları vaxtından əvvəl səkkizdəbir finala yüksəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: