Naxçıvan idmançıları dünya çempionatında tarixi nəticələr əldə edib - VİDEO
Türkiyənin Antalya şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. 4 gün davam edən turnirə 32 ölkədən ümumilikdə 400-dən çox idmançı qatılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Kikboksinq Federasiyasının sədri, məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə 6 idmançımız Azərbaycan yığma komandasının heyətində yarışa qoşulub. Təmsilçilərimizdən 5-i ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb.
Qızlar arasında 12-13 yaş kateqoriyası üzrə 47 kq çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva klassik və layt versiyaları üzrə qalib olaraq 2 qızıl medal qazanıb. Röya bu nəticə ilə Naxçıvan idmanı tarixində dünya çempionu olan ilk qız idmançı adına sahib olub. Son bir ildə uğurları ilə diqqət çəkən Sadiq Kərimov dünya kubokundakı qalibiyyətin ardınca ilin növbəti çempionluq sevincini yaşayıb. O, 12-13 yaş kateqoriyası üzrə 45 kq çəki dərəcəsində hər iki versiyada qalib olmaqla qızıl medallara layiq görülüb. Digər təmsilçilərimizdən Rəhim Əşrəfov (18-20 yaş, 65 kq), Fərid Məhərrəmov (16-17 yaş, 60 kq) və Miryusif Seyidbəyli (16-17 yaş, 60 kq) yalnız finalda məğlub olaraq ikinciliklə kifayətləniblər.
Bu nəticələrə əsasən Naxçıvan idmançıları dünya çempionatını 4 qızıl və 3 gümüş medalla tamamlayıblar.