Naxçıvanda idmançıların muzeylərə ekskursiyası təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri, Atıcılıq, Kikboksinq və Paralimpiya federasiyalarının təmsilçiləri muzeyləri ziyarət ediblər.
Ötən gün federasiyaların nümayəndələri, məşqçi və idmançılar Naxçıvan Dövlət Xalça Muzeyi, Ədəbiyyat Muzeyi və Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyində olublar.
Naxçıvan Dövlət Xalça Muzeyində qonaqlara məlumat verilib ki, muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi var. Muzeydəki eksponatlar Naxçıvan xalçaçılıq məktəbinin zəngin ənənələrindən xəbər verir.
Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyini ziyarət edən idmançıların diqqətinə çatdırılıb ki, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə fəaliyyətə başlayıb.
Ədəbiyyat muzeyində olan federasiya nümayəndələrinə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib.
Adilə Səfərova