Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə dünya çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan yığma komandasının heyətində naxçıvanlı idmançı Əli Əsgərov da yer alıb.
Cari ildə Azərbaycan Qran-prisinin mütləq qalibi və ölkə çempionu olan Əli Əsgərov ən güclülərin mübarizəsi kimi qiymətləndirilən təchizatsız üslubda yarışıb. Benç-press növündə (ştanqı sinədən qaldırma) 90 kq çəki dərəcəsi üzrə mübarizə aparan muxtar respublika idmançısı 212 kiloqramlıq ağırlığın öhdəsindən gəlməklə medalçılar sırasına düşüb. O, müvafiq göstərici ilə dünya üçüncüsü adına layiq görülüb.
Qeyd edək ki, pauerliftinqçimiz üçün növbəti sınaq meydanı 2022-ci ilin əvvəllərinə planlaşdırılan ölkə birinciliyi, sonra isə Avropa çempionatı ola bilər.