Naxçıvanda kitab müzakirələrində fərqlənən gənclər mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “Görüş yeri" kafesində keçirilən tədbirdə Fondun əməkdaşı Xanım İbrahimova il boyu keçirilən kitab müzakirələrinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə Naxçıvanda "Oxunması zəruri olan kitablar"ın siyahısı təsdiq edilib. Bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərərək ideoloji mənbələr rolunu oynayır. Həmçinin gənclərin kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Bütün bunlar nəzərə alınaraq fond tərəfindən il ərzində siyahıya daxil olan kitabların müzakirəsinin keçirilməsi diqqətdə saxlanılıb.
Çay süfrəsi ətrafında keçirilən görüşdə gənclərin il ərzində müzakirəsi keçirilən kitablar haqqında fikirləri dinlənilib.
Sonda 2021-ci il ərzində keçirilən kitab müzakirələrində fəallıq göstərən gənclərə hədiyyələr təqdim edilib.
Mədinə Rəhimli