İranın Arak şəhərində yeniyetmə sərbəst güləşçilər arasında “Yadigar İmam Cup” beynəlxalq turniri keçirilib.
NUHÇIXAN xəbər verir ki, 9 komandanın iki qrupda mübarizə apardığı yarışda məşqçilər Vahid Məmmədov və Abil İbrahimovun rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Riad Aslanov, Royal Kazımzadə (hər ikisi 51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Babək Hüseynli (65 kq), Əşrəf Aşırov (71 kq), Abdulcalil Şabanov (80 kq), Saqadulla Ağayev, Fuad Mayılov (hər ikisi 92 kq) və İslam Abuyevdən (110 kq) ibarət kollektiv ölkəmizi təmsil edib.
Millimiz qrupda Rusiyaya (2:8) uduzsa da, İraq (10:0) və İran-3 (8:2) komandalarına qalib gəlib və ikinci yeri tutub. Komandamız İran-2-ni (7:3) də məğlub edərək xatirə turnirinin bürünc medalını qazanıb. Finalda Rusiyanı üstələyən İran-1 kubokun sahibi olub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.