Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş güləş üzrə açıq rayon turniri keçirilib. Paytaxt Bakı və bölgələrdən ümumilikdə 400-dən çox güləşçinin qatıldığı yarışda Naxçıvan Güləş Federasiyasının idmançıları da iştirak edib.
Federasiyanın sədr müavini Faiq İsgəndərovun rəhbərliyi ilə turnirə yollanan 7 güləşçimizdən 4-ü ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb.
Təmsilçilərimizdən Ələkbər Əsgərov 26 kq çəki dərəcəsində finaladək maneəsiz irəliləsə də, həlledici görüşdə məğlubiyyətlə üzləşərək gümüş medalla kifayətlənib. Digər 3 güləşçimiz - Məhəmməd Hümbətov (35 kq), Məhəmməd İsmayılov (42 kq) və Süleyman Məmmədov (92 kq) turniri üçüncü sırada bitiriblər.