Gənclər Xatirə Muzeyini ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir qrup gənc Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət edib.
Gənclərə məlumat verililib ki, hazırda muzeyin fondunda 2 mindən çox eksponat mövcuddur. 400-dən çox nümunə ekspozisiyada nümayiş etdirilir. Təcavüzkar erməni daşnaklarının müxtəlif dövrlərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımların, qanlı cinayətlərin izləri bu eksponatlarda öz əksini tapır. Ekspozisiyada müxtəlif tarixi hadisələrə aid sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının, Milli və Sovet İttifaqı Qəhrəmanlarının, birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallar yer alır.
Ekskursiya zamanı vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı törədilən soyqırımlar və faciələrlə bağlı imzaladığı Sərəncamlarla da yaxından tanış olan qonaqlara bu barədə də ətraflı məlumat verilib. 20 Yanvar faciəsi ərəfəsində və başqa vaxtlarda Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən, göstərdikləri qəhrəmanlıqlardan bəhs edən eksponatlar gənclərin diqqətini xüsusilə çəkib.
Qeyd olunub ki, 44 günlük zəfər yürüşündə şanlı Azərbaycan ordusu bütün şəhidlərimizin qisasını aldı. Bu tarixi qələbəyə gedən yolda Naxçıvandan cəbhəyə yollanan hərbi qulluqçular əsl qəhrəmanlıq nümayiş etdiriblər. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülüblər. Muzeyin ekspozisiya zalında bu qanlı döyüşlərdə şəhid olan Vətən oğullarının fotoşəkilləri və onlarla bağlı məlumatları əks etdirən “Vətən Müharibəsi Şəhidləri” və tarixi zəfərimizdən bəhs edən “Zəfər” guşələri yaradılıb. Yeni guşələr gənclərin xüsusi marağına səbəb olub.
Ərhan Novruzov