Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan” PFK-nın idarə heyəti və üzvləri təsdiqlənib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Uzunoba Təlim-Məşq İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
İclasda çıxış edən Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırıb. Muxtar respublikada bütün idman növləri ilə yanaşı, futbola göstərilən diqqət və qayğı sayəsində bu sahədə əsaslı irəliləyişlər olub. Uzunoba Təlim-Məşq İdman Kompleksinin inşası da bu sahədə görülən işlərin nəticəsidir. Yaradılan şərait imkan verir ki, ilin bütün fəsillərində məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradır, onlar asudə vaxtlarını səmərəli keçirir və ən əsası sağlam böyüyürlər. Məhz elə bunun üçün də məqsədimiz federasiyanın maddi-texniki bazasını gücləndirmək, mütəmadi olaraq, məşqçilərlə görüşlər keçirmək, dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada futbolun inkişafına dəstək olmaq, bu sahədə əlimizdən gələni etməkdir. Bu gün yaradılan əlverişli şərait bu sahədə böyük irəliləyişlər əldə etməyə, yeni uğurlar qazanmağa imkan verir.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib. Federasiyanın və “Araz-Naxçıvan” PFK-nın idarə heyəti və üzvləri təsdiqlənib. Belə ki, Vüqar Abbasov idarə heyətinin sədri, Sakit Rzayev federasiyanın sədr müavini, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Taleh İbrahimov, Səhiyyə Nazirliyinin nümayəndəsi Vüqar Babayev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nazimət Məmmədov və Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Mirtaleh Seyidov Futbol Federasiyası idarə heyətinin üzvləri seçilib.
Badamlı “MMC”nin nümayəndəsi Hümbət Qəhrəmanov, Ləzzət “MMC”nin nümayəndəsi Teymur Rzayev, Cahan Tobacco “MMC”nin nümayəndəsi Tural Hüseynəliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç, veteran futbolçular Canpolad Həsənov və İlham Məmmədov isə “Araz-Naxçıvan” PFK-nın idarə heyətinin üzvləri seçilib.
Federasiya sədri Vüqar Abbasov qeyd edib ki, yerli və xarici əməkdaşlıq əlaqələri sayəsində gələcək planların icrası üçün məqsədyönlü addımlar atılacaq və bu sahədə əsaslı irəliləyişlər olacaqdır.
Sonra Federasiyanın sədri məşqçi, hakim və futbolçularla görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb. Həmçinin federasiya tərəfindən futbolçuların rahat daşınması üçün avtobus ayrılıb.
Əli İbrahimbəyli