NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Voleybol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı, Federasiyasın sədri Mənşur Gülməmmədli qeyd ediblər ki, 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası tərəfindən ötən müddət ərzində voleybolu inkişaf etdirmək, kütləviliyinə nail olmaq sahəsində bir sıra işlər görülüb. Federasiyasın Naxçıvan şəhəri və bölgələrdə bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə ümumilikdə 315 qrup üzrə 4469 yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur. 2021-ci il ərzində 4 Muxtar Respublika birinciliyi, 16 rayon birinciliyi, 2 Naxçıvan şəhər birinciliyi və 21 yoldaşlıq görüşü olmaqla, ümumilikdə 43 idman tədbiri keçirilib.
Qeyd olunub ki, bundan sonra da nazirliklə federasiya birgə və məqsədyönlü fəaliyyət göstərəcəklər.
İclasda federasiyanın sədr müavini Aydın Mirzəyevin hesabatı dinlənilib.
Azər Zeynalov