Futzal üzrə muxtar respublika birinciliyinin qalibi “Şərur” komandası olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2 Fevral – Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gənc fəalları arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib.
“Olimpiya sistemi” üzrə keçirilən yarışda şəhər və rayonları təmsil edən 8 komanda qalib olmaq üçün mübarizə aparıb. Məqsəd partiya fəallarının asudə vaxtının səmərəli təşkili, cəmiyyət arasında idmanın və sağlamlığın təbliği və futzal idman növünə olan marağın artırılmasıdır. Həlledici final matçında rəqiblərindən daha üstün oyun nümayiş etdirən “Şərur” və “Ordubad” komandaları qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun şərurluların 7:4 hesablı üstünlüyü ilə başa çatıb. Beləliklə, yarışın qalibi “Şərur" olub. “Ordubad” və "Naxçıvan” müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Komandalara diplom, kubok və hədiyyələr verilib. Mükafatları muxtar respublikanın gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər Birliyinin sədri Arzu Qasımov təqdim ediblər.
Əli İbrahimbəyli