Muxtar respublikada kadr potensialı: gənclər siyasəti və davamlı inkişaf ...və ya gənclərin işə qəbulu diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında davamlı inkişafın idarə olunması və bu sahədə uğurların əldə edilməsi ilə bağlı ardıcıl siyasət aparılmağa başlandı. Cəmiyyətin bütün sferalarında davamlı inkişafın təmin edilməsi üçün ulu öndər dövlət siyasətinin istiqamətlərini müəyyən etməklə yanaşı, əhalinin böyük əksəriyyətini təşkil edən gənclərin də üzərinə bir sıra vəzifələr qoydu. Məhz bu məqsədlə Azərbaycanda dövlət gənclər siyasəti həyata keçirilməyə başlandı və bu siyasət ölkədə kadr potensialının formalaşdırılması üçün mühüm bir mexanizmə çevrildi.

Öz maraq və tələbatlarını reallaşdıran gənc nəsil dövlətin innovasion, məntiqi olaraq davamlı inkişafının əsas amilinə, cəmiyyətdə fundamental dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilir. Nəzərə alsaq ki, ölkədə əhalinin 60 faizdən çoxunu 35 yaşadək olan gənclər təşkil edir, bu qüvvənin və dəyişikliklərin miqyasını təsəvvür etmək o qədər də çətin olmaz. Dövlət başçısı İlham Əliyev müasir dövrdə ölkəmizin inkişafında insan kapitalının əhəmiyyətini qeyd edərək deyib: "Qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və  biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədimizdir".

Bu gün dövlət gənclər siyasətinin Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada məqsədyönlü şəkildə davam və inkişaf etdirilməsi gənclərin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıqlarını xeyli artırıb. Muxtar respublika rəhbəri gənc­ləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə bir sıra fərman və sərəncamlar imzalayıb. Ali Məclisin Sədri gənclərin vətənpərvərlik ruhunda, eləcə də innovativ düşüncəli və bilikli yetişməsinə önəm verdiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır. Bütün bunlar isə elmli, savadlı, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır.

Bu istiqamətdən yanaşdıqda ölkənin nəinki bu günü, həmçinin gələcəyi də kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından çox asılıdır. Davamlı inkişafın təmin olunması dövlətin və cəmiyyətin inkişafının prioritet istiqamətlərindən biri olduğu üçün, burada müxtəlif istiqamətlərdə kadr potensialının formalaşması və mövcudluğu strateji əhəmiyyət daşıyır. Bununla əlaqadar olaraq qeyd etmək lazımdır ki, davamlı inkişafın təmin olunmasında kadr potensialının formalaşması, inkişafı və qorunması mexanizmi kimi dövlət gənclər siyasəti müasir dövrün tələblərinə cavab verir. Bu inkişafın təmin olunmasında isə təhsil xüsusi rol oynayır.

Muxtar respublikada təhsil strategiyasının uğurla davam etdirilməsi, gənclərin hərtərəfli yetişdirilməsi üçün şəraitin yaradılması kadr potensialının formalaşmasına birbaşa təsir göstərən amildir. Ali Məclis Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" 27 iyul 2015-ci il və "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 3 aprel 2019-cu il tarixli sərəncamları da məhz bu məqsədə xidmət edir.

Bu sərəncamlar elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və dövlət kadr siyasətinin inkişafına imkan verir. Bu sənədlər insan resurslarını müasirləşdirmək, səmərəli əməkdaşlıq mexanizmi yaratmaq, dünya təhsil standartlarına uyğun təhsil modeli formalaşdırmağa şərait yaradır. Hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənir, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edir. Tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq və idarəetmə işində birbaşa iştirakı ixtisaslı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Dövlət orqanları müvafiq ixtisasda təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafı, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması və kadr potensialının yaradılması işində birbaşa iştirak edirlər. Beləliklə, təhsil sisteminin inkişafı müxtəlif müəssisələr üçün gənclərdən ibarət kadr potensialının yaradılması üçün kifayət qədər dəstək verir, eyni zamanda gənclər siyasəti ilə kadr siyasətinin inteqrasiya olunmuş şəkildə həyata keçirilməsini reallaşdırır.

Prezident İlham Əliyevin "Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər", – fikirlərinə uyğun olaraq yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər kadrların irəli çəkilməsi günümüzün reallığıdır.

Muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvanda gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar bu təbəqəni cəmiyyətin aparıcı qüvvəsinə çevirib.

Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması, kadr potensialının davamediciliyinin təmin edilməsi proseduru mövcuddur. Dövlət qulluğuna kadrların seçilməsi, yerləşdirilməsi, bu istiqamətdə müsabiqələrin keçirilməsini təmin edən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin yaradılması da məhz bu prosedurun davamlığının təmin edilməsi məqsədi daşıyır. Dövlət qulluğuna və dövlət qulluğunun xüsusi növünə aid orqanlara işə qəbulun mərkəzləşdirilmiş qaydada keçirilməsi uzun müddətdir ki, mövcuddur. Naxçıvan Muxtar Respublikasında dövlət kadr siyasətinin davamlılığının həyata keçirilməsinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarla müəllimlərin işə qəbulu, qiymətləndirilməsi və sertifikasiyası, tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyası, məktəbəqədər təhsil müəssisələrinə işə qəbul, dövlət teleradio və mətbuat orqanlarına işə qəbul, musiqi müəllimlərinin işə qəbulu və qiymətləndirilməsi, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan  tabeliyindəki müəssisələrə işə qəbul, AMEA Naxçıvan Bölməsinə işə qəbul, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işə qəbul prosesi də mərkəzləşdirilmiş qaydada İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Bu proses isə, şübhəsiz ki, istedadlı gənc kadrların müsabiqələrdə iştirakı və kadr potensialının yaradılması baxımından payının artmasında xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda əhalisinin böyük əksəriyyətini gənclərin təşkil etdiyi muxtar respublikada məşğulluğun təmin olunmasında da müsabiqələrin keçirilməsi əhəmiyyətli rol oynayır.

2021-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada müxtəlif istiqamətlər üzrə keçirilən işə qəbul, qiymətləndirmə, attestasiya və sertifikasiya imtahanlarında gənclərin iştirak payı kifayət qədər çoxdur. Keçirilən imtahanlar gənclərdən ibarət kadr potensialının formalaşdırılmasına və davamlı inkişafa təminat yaradır. Hazırda muxtar respublikada kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Kadr potensialının formalaşdırılmasında gənclərin və həyata keçirilən dövlət gənclər siyasətinin yerinə və roluna düzgün qiymət vermək üçün bir il ərzində keçirilən işə qəbul imtahanlarının yaş statistikasına nəzər salmaq kifayətdir.

Ötən il ərzində müxtəlif istiqamətlərdə keçirilən işə qəbul imtahanlarında iştirak edənlərin 42 nəfəri 20 yaşa qədər, 1073 nəfəri 21-25 yaş arası, 583 nəfəri isə 26-30 yaş arası gənclər olub. Beləliklə, imtahanlarda iştirak edən 2039 nəfərin 1698 nəfəri gənclər olub ki, bu da ümumi iştirakçıların 83 faizini təşkil edir. Onu da qeyd etmək lazımdır ki, işə qəbul imtahanlarında iştirak edən gənclərin 37 faizini oğlanlar, 63 faizini isə qızlar təşkil edib. Rayonlar üzrə gənclərin imtahanlarda iştirak payına nəzər saldıqda isə ilk yeri Naxçıvan şəhərinin tutduğunu görürük. Bu siyahıda Şərur rayonu ikinci, Babək rayonu isə üçüncü sırada qərarlaşır.

Nəticədə, dövlət idarəçiliyi təkmilləşdirilməklə gənclərin üzərinə mühüm vəzifələr düşür: onlar yeniləşmənin əsas daşıyıcılarına çevrilirlər. Bu gün diyarımızın siyasi, eyni zamanda sosial strukturuna nəzər yetirsək, gənclərin müxtəlif vəzifələrdə çoxluq təşkil etdiyini görərik. Bu isə Naxçıvanda ulu öndərin siyasi kursunun layiqincə davam etdirildiyinin göstəricisidir.

Sadalanan bu faktlar muxtar respublikada gənclərə yönəldilmiş siyasətin uğurla həyata keçirildiyini və buna uyğun olaraq da gənclərdən ibarət hazırlıqlı kadr potensialının formalaşdırılmasını əyani şəkildə sübut edir. Eyni zamanda imtahanda iştirak edən gənclərin muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə uyğun şəkildə paylaşdırılması hər iki istiqamətdə - həm dövlət gənclər siyasəti, həm də ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində aparılan dövlət siyasətinin müsbət nəticələri kimi dəyərləndirilməlidir.

Səmərəli kadr siyasətinə nail olmaq üçün müsabiqə və müsahibə, attestasiya, sertifikasiya, xidməti fəaliyyətinin qiymətləndirilməsi kimi üsullardan istifadə olunur. Bu vasitələrdən düzgün və yerində istifadə olunması müəssisələrin peşəkar və səriştəli, yüksək ixtisaslı potensial kadrlarla təmin olunmasına, kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə imkan verir.

Yeri gəlmişkən, kadr siyasətinin icra mexanizmlərindən biri də ehtiyat kadr institutudur. Dövlət orqanı üzrə təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydalarına əsasən, bu işdə məqsəd müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıdakı namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdiminin təminidir.  

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda uğur qazanıb, lakin müvafiq vəzifəyə təyin edilməyən kadrların adları ehtiyat kadrlar siyahısına daxil edilir. 2021-ci il ərzində muxtar respublikada ehtiyat kadrlarla iş də diqqət mərkəzində saxlanılıb və 16 namizədin adı siyahıya daxil edilib. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 nəfər ötən il işlə təmin olunub.

Ölkəmizin nəinki bu günü, həm də gələcəyi gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından çox asılıdır. Bu təbii ki, yalnız idarəetmə və dövlət qulluğu sahəsində deyil, eyni zamanda pedaqoji, mədəniyyət, səhiyyə, mətbuat və digər bütün sahələrdə də eynilə keçərlidir. Odur ki, bu vəzifələrə uyğun kadrların hazırlanması işi daim təkmilləşdirilir, praktiki iş təcrübələri artırılır. Səmərəli kadr siyasətinin yürüdülməsi vasitəsilə potensiallı və peşəkar gənc kadrları cəlb etmək, onların bilik və bacarıqlarından səmərəli şəkildə istifadə etmək və səriştəli kadr potensialının formalaşdırılmasını təmin etmək olar. Muxtar respublikada müxtəlif istiqamətlər üzrə işə qəbulun mərkəzləşdirilmiş qaydada keçirilməsi bu istiqamətdə vahid siyasətin həyata keçirilməsinə və gənclərdən ibarət güclü, davamlı kadr potensialının formalaşdırılmasına imkan verir.

Məmməd Babayev

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: