Naxçıvanda 2 Fevral – Gənclər Günü qeyd edilib - YENİLƏNƏCƏK - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Duzdağ otelində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, muxtar respublikada hər il 2 Fevral - Gənclər Günü geniş şəkildə qeyd edilir. Bu münasibətlə tədbirlər təşkil olunur, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclərin fəaliyyəti dövlətimiz tərəfindən mükafatlandırılır. Keçirilən bu tədbirlər gəncləri daha da həvəsləndirmək, motivasiya etmək məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada sağlam düşüncəli gənclərin formalaşmasında Gənclər Fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, fond yarandığı dövrdən etibarən həyata keçirdiyi layihələrdə gənclərin intellektual inkişafını, onların asudə vaxtlarının səmərəli təşkil olunmasını, vətənpərvər ruhda böyümələrini, müxtəlif layihələrdə birgə iştiraklarını ön plana çəkib, gənclər təşkilatlarının fəaliyyətini dəstəkləyib. Geridə qoyduğumuz 2021-ci ildə də gənclərin muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakının təmin edilməsi, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması Gənclər Fondunun əsas hədəflərindən olub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov və fəal gənc Abutalıb Ağa Kəngərli gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik ediblər.
Tədbirdə ictimai həyatda və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Gənclər göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə musiqi və rəqs qruplarının ifaları təqdim edilib, gənclər 2 Fevral – Gənclər Gününü maraqlı anlarla qeyd ediblər.
Mahmud Hüseynov