Gənclər Fondunun saytı yenilənib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yenilənən saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, gf.nmr.az domenində yerləşən saytın yenilənməsində məqsəd müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını, eyni zamanda Fondun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dolğun və operativ şəkildə ictimaiyyətə, o cümlədən gənclərə çatdırılmasını təmin etməkdir. Həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda elektron xidmətlərin həcmi genişləndirilib, funksionallığı artırılıb və yeni modullar əlavə edilib.
Fondun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov fərdi gənclər, eləcə də gənclər təşkilatlarının saytdan qeydiyyatdan keçməklə layihələrini fonda gəlmədən onlayn qaydada təqdim edə bilmək imkanını yeni saytın əsas üstün xüsusiyyəti kimi dəyərləndirib. Sayt haqqında məlumat verən Arzu Qasımov bildirib ki, sayt "Haqqında", "Fəaliyyət", "Qanunvericilik”, “Media", "Elektron xidmət", "Qalereya", "Keçidlər” bölmələrindən və ümumilikdə 30 səhifədən ibarətdir. "Media" bölməsində Gənclər Fondunda keçirilən tədbirlərə dair xəbərlər və elanlarla tanış olmaq mümkündür. "Elektron Xidmət" bölməsində istifadəçilər Fiziki şəxs qeydiyyatı, Gənclər təşkilatlarının qeydiyyatı və Könüllü ol qeydiyyat formalarında qeydiyyatdan keçə bilərlər. "Qalereya" bölməsində isə istifadəçilər keçirilən tədbirlərlə bağlı fotoalbomla tanış ola bilərlər.
Həmçinin qeyd olunub ki, SSL təhlükəsizlik sertifikatı vasitəsilə saytın təhlükəsizliyi tam şəkildə təmin olunub. Gənclər Fondunun sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb ki, bu da saytdan istifadə edənlərin sayının artmasında mühüm əhəmiyyətə malikdir.
Sonda gənclərlə iş sahəsində görülən işləri əks etdirən videoçarx izlənilib.
Xosrov İbrahimov