Naxçıvan idmançısı III Yay Olimpiya Oyunlarında iştirak edəcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında idmanın bugünki inkişaf tempini müxtəlif kriteriyalarla ölçmək olar. Ancaq olimpiya oyunlarında çıxış bu tempin ən yüksəyidir. NUHÇIXAN xəbər verir ki, bu sevinci bizə cari ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançımız Tərmenxan Babayev yaşadacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək olimpiadada Azərbaycanı ağırlıqqaldırmada təmsil edəcək. Ölkəmizin qazandığı 17 lisenziyadan biri məhz Tərmenxanın payına düşür. Cənubi Amerika ölkəsinə yollanacaq (hələlik 9 idman növü üzrə) yığmamızın heyətində ən böyük ümidlər Naxçıvan idmançısınadır. Belə ki, hazırda öz yaş qrupu və çəki dərəcəsində dünyanın ən güclü idmançılarından hesab edilən Tərmenxan Babayev olimpiada da qələbə qazanmağa ən real namizəd kimi göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda Naxçıvan idmanı tarixində ilkdir. Məhz bu amili nəzərə alıb idmançımızın da fikirlərini öyrəndik: “İlk dəfə olaraq olimpiadada iştirak etmək və dünyanın ən güclü idmançıları ilə eyni yarışda mübarizə aparmaq qürurvericidir.

Olimpiadaya vəsiqə qazanmaq əslində heç də asan olmadı. İştirak etdiyim turnirlərdə, Avropa və dünya çempionatlarında uğur qazanmağa çalışdım və buna nail oldum. Bu, təkcə mənim yox, həmçinin mənə dəstək olan, mənimlə mütəmadi olaraq maraqlanan və üzərimdə əziyyəti olanların qələbəsidir. Sevindirici haldır ki, Naxçıvan idmanı tarixində ilkə imza atacam. Bununla qürur duyuram. Bu yolda muxtar respublika rəhbərliyinin mənə dəstəyi hədsiz dərəcədə çox olub. Təlim-məşq toplanışlarında və yarışlarda, turnirlərdə iştirakım təmin edilib. İndi məqsədim Olimpiadada qələbə qazanıb Naxçıvanın idman ənənəsini davam etdirmək və Azərbaycan bayrağını dalğalandırmaqdır”. Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: