Naxçıvan karateçisi Vüsal Seyidov milli komandada - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Karate-do Federasiyasının idmançısı Vüsal Seyidov 21 yaşadək karateçilərdən ibarət Azərbaycan milli komandasının heyətinə cəlb olunub. İstedadlı idmançımız bu nailiyyətə yeniyetmə və gənclər arasında keçirilən 22-ci respublika birinciliyindəki uğurlu çıxışı sayəsində nail olub. Belə ki, həmin yarışda 16-17 yaş kateqoriyası üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Vüsal “kumite” növündə bürünc medala layiq görülüb. 17 yaşlı idmançı, həmçinin 19 yaşadək karateçilərin avropa çempionu, ölkə və beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısıdır.
Qeyd edək ki, Ali Məclis Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamına uyğun olaraq Vüsal Seyidovun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb.