Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Naxçıvan-2018" Beynəlxalq Şahmat Festivalında ikinci tura start verilib.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq əmsalına görə ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunda maraqlı qarşılaşmalar oynanılıb. İranlı Xəlil Seyid Musəvi ilə qarşılaşan festivalın ikiqat qalibi Eltac Səfərli rəqibini məğlub edərək turnir cədvəlində liderliyə yüksəlib. Belaruslu Aleksey Alekseyev və Azərbaycan şahmatçısı Nicat Məmmədov da növbəti qələbə sayəsində ilk üçlükdə qərarlaşıblar. Xanım şahmatçılarımızdan Gülnar Məmmədova, Aydan Höccatova, və Xanım Balacayeva qələbəyə sevinən tərəf olublar.
“A” qrupunda yer alan Naxçıvan şahmatçılarına gəlincə ilk turu qələbə ilə bitirən beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev bu dəfə qara fiqurlarla İspaniya təmsilçisi Oleq Korneyevə rəqib olub. Bərabərliklə bitən görüşdə tərəflər hərəyə yarım xalla kifayətləniblər. Mübarizəyə heç-heçə ilə başlayan FİDE ustası Sadiq Məmmədov rusiyalı Aleksandr Yevdokimovla görüşdə də bərabərliyə razı olub. İlk turu xalsız başa vuran şahmatçılarımızdan Toğrul Həsənzadə Nərmin Xələfovayla görüşdən yarım xalla kifaytləndiyi halda, Pərviz Qasımov Aytən Əmrəyevadan üstün olub.
“B” qrupunda da maraqlı mübarizə gedir. Kəngərli şahmat məktəbinin yetirməsi Əli Hüseynzadə və Naxçıvan şahmatçısı Sadiq Qarayev növbəti qələbə xalı sayəsində turnir cədvəlinin ilk iki pilləsini bölüçürlər. Onlarla bərabər Babək şahmatçısı Hatəm Kətənov da 2 xallıq göstəriciyə nail olub. 11-i Bakıdan, 2-si Qubadan, 1-i Ağdam və 1-i Şəkidən olmaqla digər şahmatçılar da ikidə iki ediblər.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda muxtar respublika təmsilçilərindən 18-i aktivinə ikinci xalı əlavə edərək üst sıralarda qərarlaşıblar. Bakıdan 10, Gəncədən 3 şahmatçı iki xallıq göstərici ilə qələbə uğrunda mübarizəni davam etdirir.