Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşmalar İtaliya və Avstriyada gerçəkləşib.
"İnter" "San Siro"da İngiltərənin "Liverpul" klubuna məğlub olub. Qolları Roberto Firmino 75-ci, Məhəmməd Salah isə 83-cü dəqiqədə vurub.
"Zaltsburq" isə Almaniyanın "Bavariya" komandası ilə görüşdə qələbəni son anda əldən verib. Matçın 21-ci dəqiqəsində Adamu Çikvubuykenin qoluna 90-cı dəqiqədə Kinqsli Koman cavab verib.
Cavab görüşləri martın 8-də gerçəkləşəcək.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda "Paris Sen-Jermen" Fransada İspaniyanın "Real Madrid" klubunu 1:0, İngiltərənin "Mançester Siti" komandası isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.