Gənclər xizəkçilik təlimində iştirak ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq Xizək Mərkəzinin təlimçiləri tərəfindən keçirilən təlimdə gənclərə təhlükəsizlik qaydaları barədə məlumat verilib, xizəksürmə ilə bağlı zəruri proseslər praktiki şəkildə izah olunaraq məşqlər keçirilib, ardınca sərbəst sürüşlər icra olunub.
Təlim bitdikdən sonra gənclər üçün kanat gəzintisi və nahar süfrəsi təşkil olunub.
Tədbirin davamında Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı muxtar respublikanın rayonlardan olan gənclər, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.
Dövlətimizin gənclər üçün yaratdığı imkanlardan ətraflı danışan nazir qeyd edib ki, muxtar respublikada gənclərin fərdi inkişafı və fəaliyyəti üçün mühüm addımlar atılır. Bunun nəticəsidir ki, muxtar respublikanın mərkəzi ilə yanaşı, bölgələrində də gənclər öz peşə qabiliyyətinə və maraq dairələrinə uyğun fəaliyyətlərə yiyələnir, asudə vaxtlarından səmərəli istifadə edirlər.
Görüşdə müasir dövrdə gənclərimizin aktiv həyat fəaliyyətinin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki, bütün bunlarla yanaşı, gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılması, onların yeni fikir, ideya, təklif və layihələrlə gündəmə gəlməsinə nail olunmalıdır.
Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, yeni layihələrin təqdimatı, innovativ inkişaf imkanları, turizmə dəstək və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Mahmud Hüseynov