UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nəzərdə tutulan 8 qarşılaşmadan dördü artıq başa çatıb.
Gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçirilib. Ölkənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyunda hesabı qonaqlar açıblar. İlk hissənin sonuncu dəqiqəsində İbrahima Traore fərqlənib. 58-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dimitris Pelkas tarazlığı bərpa edib. Lakin 62-ci dəqiqədə Praqa təmsilçisi yenidən önə keçib. Bu dəfə Oskar Dorli adını tabloya yazdırıb. Cəmi 2 dəqiqə sonra Ondrjey Linqr 3-cü topu "sarı-lacivərdlilər"in qapısından keçirib. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə Fərdi Kadıoğlu qoyub. Maraqlıdır ki, bu qolun ötürməsini 75-ci dəqiqədə meydana daxil olan 16 yaşlı yarımmüdafiəçi Arda Güler edib.
Digər 3 görüşdə isə PSV Niderlandda İsrailin "Makkabi" (Təl-Əviv), "Midtüllan" Danimarkada Yunanıstanın PAOK, Vyana "Rapid"i Niderlandın "Vitess" klubunu məğlub edib.