“Araz”ın baş məşqçisi: Bu gün futzalda zəif klub anlayışı yoxdur

A- A A+

Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq.

NUHÇIXAN xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsinə hazırlaşan “Araz” futzal klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis bildirib ki, qrupun oyunları Slovakiyada keçiriləcək və bu, meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük olacaq. Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. Malta təmsilçisi “Valletta” da sıradan rəqib deyil. Çünki həm “Vytis”, həm də “Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb.

Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb: “Düzdü, reytinqinə görə “Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdir. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”. Alesio heyətdəki dəyişikliklərə də toxunub: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizim heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdir. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.

Qeyd edək ki, turnirin əsas mərhələsinin oyunları oktyabrın 3-dən 6-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: