Gənclər Plastik Məmulatları Zavodunun fəaliyyəti ilə tanış olublar - FOTOLAR
"Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının Plastik Məmulatları Zavodunun məhsulları daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin digər bölgələrində, eləcə də xarici ölkə bazarlarında satışa çıxarılır. Zavodda istehsal olunan keyfiyyətli məmulatların MDB ölkələrinə də ixrac edilməsinə başlanılacaq. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə gənclərin zavodun fəaliyyəti ilə tanışlığı zamanı məlumat verilib.
Zavodla tanışlıq zamanı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov qeyd edib ki, 2022-ci il muxtar respublikada “Sənaye ili”dir. Bununla əlaqədar olaraq nazirlik il ərzində gənclərin sənaye müəssisələrinə ekskursiyalarının təşkil edilməsini nəzərdə tutub. Məqsəd gənclərə muxtar respublika sənayesinin inkişafında mühüm yer tutan müəssisələri tanıtmaqdır.
Plastik Məmulatları Zavodunun müdiri Fehruz Zehirov müəssisə barədə məlumat verib. Bildirib ki, 2006-cı ildə fəaliyyətə başlayan zavodda 7 adda 220-dən çox plastik məmulat istehsal edilir. Burada inşaat sektorunda istifadə olunun plastik məhsulların 80 faizi hazırlanır. Müəssisənin Bakı, Gəncə, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Kürdəmir və Masallıda satış obyektləri fəaliyyət göstərir. Qeyd edilib ki, zavodun ixrac imkanlarının genişləndirilməsi də nəzərdə tutulub. Burada istehsal olunan keyfiyyətli plastik məmulatlar Rusiya və Türkiyəyə ixrac olunur. Gələcəkdə MDB ölkələri də bu siyahıya əlavə ediləcək.
Sonra gənclərin istehsal prosesi ilə əyani şəkildə tanışlığı olub. Mütəxəssislər tərəfindən zavodun fəaliyyət istiqamətləri və istehsal prosesi barədə məlumat verilib.
Plastik məmulatların sınaq laboratoriyasında olan gənclərə məlumat verilib ki, bura Qafqazda plastik məmulatların keyfiyyətinə nəzarət edən ilk laboratoriyadır.
Mədinə Rəhimli