İdman federasiyalarının üzvləri muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonu ərazisində yerləşən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət edən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi-müəllim və idmançılarına qala sakinlərinin həyat tərzini özündə əks etdirən maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, buradakı maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri muzeydə nümayiş etdirilir.      

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi-müəllim və  idmançıları  Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər. Diqqətə çatdırılıb ki,  Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba və digər eskponatlar nümayiş etdirilir. Qeyd olunub ki, hazırda muzeydə 4 minə yaxın eksponat mövcuddur.

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının üzvləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Bildirilib ki, 2014-cü ildə yenidən bərpa olunaraq muzey kompleksi kimi fəaliyyətə başlayan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.  Qeyd olunub ki, hazırda muzeyin fondunda 500-dən çox eksponat vardır.

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının məşqçi-müəllim və idmançıları Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət ediblər. Məlumat verilib ki, zəngin hərb tariximizin bir parçasını təbliğ və təqdim edən muzeydəki eksponatlar vasitəsilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin şərəfli ömür və döyüş yoluna nəzər salmaq mümkündür. 6 ekspozisiya zalından ibarət  muzey böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynayır. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat var.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: