“Xəmsə” Milli İntellektual Oyunu üzrə “Qış kuboku”na yekun vurulub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında inntellektual oyun keçirilib. Gənclər Mərkəzində baş tutan yarışmada ümumilikdə 8 komanda mübarizə aparıb.
5 raundluq mübarizənin yekununda Naxçıvan Dövlət Texniki Kollecinin “Qartal” komandası bütün rəqiblərini geridə qoyaraq qalibiyyətə nail olub. Heydər Əliyev adına Hərbi Liseyin “Dəmir Yumruq” komandası oyunu ikinci sırada tamamlayıb. Həmin liseyin digər təmsilçisi “Mübariz” komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komanda “Qış kuboku” ilə təltif edilib. İlk üçlükdəki heyətlərə diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, birinciliyin məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
İntellektual oyun Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.