Boks Federasiyasında ötən ilin yekunları müzakirə olundu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasında 2021-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər. İclasda çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı bildirib ki, ötən il muxtar respublika idmançıları üçün yaddaqalan və əlamətdar olub. Belə ki, ölkə və dünya səviyyəli yarışlarda 27-si qızıl, 32-si gümüş və 23-ü bürünc olmaqla ümumilikdə 82 medal qazanılıb. Bu da medalların əyarı baxımından yüksək göstəricidir.
Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir. Belə federasiyalardan biri də 2002-ci ildə yaradılan Boks Federasiyasıdır. Şahbuz rayonu istisna olmaqla, Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə ümumilikdə 21 qrup üzrə 330 yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur. Ötən il federasiyanın yetirmələrindən Sərxan Əliyev kişilər arasında, Tayfur Əliyev isə hərbçilər arasında dünya çempionatlarını, Eldar Quliyev isə neft ölkələrinin dünya birinciliyini bürünc medalla başa vurublar.
Federasiyanın sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək ötən il keçirilən idman tədbirlərini və federasiya idmançılarının iştirak etdiyi ölkə və beynəlxalq əhəmiyyətli yarışları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Federasiyanın Sədərək və Şərur rayon bölmələrinin məşqçi-müəllimləri Seymur Hüseynov və Rasim İskəndərov ötən ilki fəaliyyətlərini diqqətə çatdırıblar.
Rəmzi Tahirli