Ağbulaqda gənclərin “Qış liderlik məktəbi” keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 22-24 fevral tarixlərində Ağbulaq İstirahət Mərkəzində Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün “Qış liderlik məktəbi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən qış liderlik məktəbində 30 gənc iştirak edib. Məqsəd isə gənclərə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və başqa xüsusiyyətlərin aşılanmasından ibarət olub.
Əvvəlcə layihədə iştirak edən gənclər keçiriləcək təlimlər barədə məlumatlandırılıblar. Bakı şəhərindən dəvət olunmuş təlimçi Fəxri Məhəmmədzadə “Effektiv komanda işi” və “Liderlik və təsirli ünsiyyət” mövzularında maraqlı məlumatlar verib, tələbələri maraqlandıran sualları cavablandırıb. Həmçinin təlimçinin “Məntiqli düşüncə sənəti” və “Zamanın idarə olunması” təlimləri də gənclər üçün yaddaqalan olub. Mərkəzdə iştirakçıların asudə vaxtları da səmərəli təşkil olunub, səhər idmanları, müxtəlif oyunlar, poeziya saatı və “Prezident. Təkrarsız diplomatiya” sənədli filminin nümayişi təşkil olunub.
Qış məktəbinin ikinci günündə Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondununun icraçı direktoru Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun gənclərlə görüşü keçirilib. Bildirilib ki, həyata keçirilən bu cür tədbirlər imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. İstedadlı gənclərə dövlət dəstəyi göstərilir, onların əməyi qiymətləndirilir, onlar gənc kadr kimi irəli çəkilirlər.
Layihənin sonuncu günündə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda keçirilən seminar və motivasiya təlimində də gənclər fəal iştirak ediblər. İştirakçılara sertifikatlar təqdim olunub.
Layihə iştirakçıları Ağbulaq İstirahət Mərkəzinin turizm imkanlarından yararlanıb, istirahətlərini mənalı təşkil edib və onlara milli mətbəximizin ləziz təamları təklif olunub.
İbrahim Əliyev