Naxçıvan idmançılarından uğurlu nəticə - FOTOLAR
Şağan Olimpiya İdman Kompleksində MMA, pankration və qrepplinq üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanı yarışda Naxçıvan Kikboksinq Federasiyasının sədri, məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 6 idmançısı təmsil edib. İdmançılarımızdan ən yaxşı nəticə Nurəddin Əliyevə məxsus olub. O, 12-13 yaşlılar arasında 30 kq çəki dərəcəsi üzrə həm MMA, həm də qrepplinq növündə qızıl medal əldə edərək ikiqat sevinc yaşayıb.
Dünya çempionu Sadiq Kərimov 47 kq çəki dərəcəsində qrepplinqdə ikinci, MMA növündə isə birinciliyi əldən verməyib. Digər idmançımız Oğuz Məmmədli isə 12-13 yaş kateqoriyasında, 42 kq çəki dərəcəsində 1 qızıl və 1 gümüş medalla adını mükafatçılar sırasına yazdırıb.
Bu tipli yarışlarda ilk təcrübəsini yaşayan Mətin Tapdıqovun debütü uğurlu alınıb. Belə ki, Mətin bütün rəqiblərini məğlub edərək yarışı qrepplinq üzrə qızıl medalçı olaraq bitirib. Məhəmmədəli Qasımov qrepplinqdə, Fuad Quliyev isə hər iki növdə üçüncü olub. Nəticələrə əsasən təmsilçilərimiz yarışı 5 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.
Azər Zeynalov