Olimpiya çempionumuz Naxçıvanda keçirilən cüdo seminarında iştirak edib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Cüdo Federasiyası (ACF), Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdo seminarı keçirilib. Gənclər və idman naziri Ramil Hacı, müavini Məcid Seyidov və ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli seminarın gedişatını izləyib, bu sahənin inkişafı və perspektivlər barədə müzakirələr, məsləhətləşmələr aparıblar. E.Məmmədli seminar iştirakçılarını salamlayaraq ilk dəfə Naxçıvanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini, şəhərin özü və idman infrastrukturunun xoş təəssürat bəxş etdiyini ifadə edib. Olimpiya çempionu qeyd edib ki, muxtar respublikada güclü idmançılar yetişib və bu gün onlar beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər.
Seminarda ACF-nin Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin başçılıq etdiyi hakimlər heyəti tərəfindən iştirakçılara Beynəlxalq Cüdo Federasiyasının tərtib etdiyi yeni qaydalar və dəyişikliklər barədə məlumat verilib, müvafiq vəziyyətlər tatamidə praktik şəkildə izah olunub.
Qeyd edək ki, seminar martın 5-də keçiriləcək yeniyetmə cüdoçuların muxtar respublika birinciliyinə hazırlıq xarakteri daşıyıb və həmin yarış yeni qaydalar əsasında keçiriləcək.