Cüdo üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi və 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu və Güləş Federasiyasının birgə təşkil etdikləri yarışda 100-dən çox idmançı mübarizə aparıb.
Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı ilə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada idman və idmançılara göstərilən dövlət qayğısından, bədən tərbiyəsi və idman sahəsində atılan addımlar və qazanılan uğurlardan bəhs ediblər. Qeyd olunub ki, digər idman növləri kimi cüdonun inkişafı da diqqət mərkəzində saxlanılır, istedadlı idmançı bazası yaradılır, onların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli isə çıxışında bildirib ki, muxtar respublikada güclü idmançılar yetişib və bu gün onlar beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Naxçıvan Cüdo Məktəbində bundan sonra da təcrübəli və peşəkar idmançılar formalaşacaq, bizi öz uğurları ilə qürurlandıracaqlar.
Sonda ilk 3 yeri tutan idmançılara təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.
Azər Zeynalov