Martın 10-da futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarının daha iki görüşü baş tutub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşün biri İspaniyada “Real Madrid” ilə Fransanın “Paris Sen-Jermen” futbolçuları arasında olub. Birinci matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.
Oyunda hesabı 39-cu dəqiqədə “Paris Sen-Jermen”nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Bu, fransalının “Real Madrid”in heyətində vurduğu 309-cu qoldur.
Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliyanın "Sportinq" komandasını sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz heç-heçə edərək, dörddəbir finala keçiblər.