Naxçıvanda gənclərin muxtar respublikanın tarixi abidələrinə marağı artıb. NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun bir qrup fəal gənci “Əlincəqala” muzeyi və tarixi abidəsi ilə tanış olub.
Muzey binası ilə tanışlıqda bildirilib ki, son dövrlərdə qalada aparılan qazıntılar zamanı aşkar edilən 6 kəhriz borusu, mancanaq daşı və digər əşyalar da muzeyin fonduna daxil edilib. Ötən il muzeyi 13 min nəfər ziyarət edib. Onların 3 minə yaxını xarici vətəndaş olub. 2018-ci ilin birinci rübündə isə beş mindən çox insan muzeylə tanış olub.
Gənclərə Əlincəqala tarixi abidəsi haqqında məlumat verilərək bildirilib ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub.