İdmançılar muzeyləri ziyarət ediblər - FOTOLAR
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin muzeylərə ənənəvi ekskursiyaları davam etdirilir. İdmançılar Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının məşqçi müəllim və idmançıları Bəhruz Kəngərli muzeyində olublar. Muzeyin bələdçisi bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılıb. Vurğulanıb ki, muzeydə 1250-dən artıq eksponat var. Onların 388-i ekspozisiya zalında nümayiş olunur. İştirakçılara Bəhruz Kəngərlinin ailəsinə aid fotoşəkillər, xatirə əşyaları və dahi rəssamın çəkdiyi rəsm əsərləri barədə də ətraflı məlumat verilib. Rəssamın çəkdiyi “Qaçqınlar” portret silsiləsi, mənzərə janrında çəkdiyi əsərlər və Naxçıvanın tarixi abidələrini əks etdirən rəsm əsərləri iştirakçıların marağına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının məşqçi müəllim və idmançıları Xatirə Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzeydə 20 Yanvar faciəsi, 31 Mart, Xocalı soyqırımları ilə bağlı fotoşəkillər, arxiv sənədləri, həmçinin Qarabağ müharibəsi və Naxçıvanın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımıza aid fotoşəkillər, xatirə əşyaları nümayiş etdirilir. İdmançılara qəhrəmanlarımızın, şəhid olmuş vətən oğullarının keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının idmançıları isə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksini ziyarət ediblər. Ekskursiyada bildirilib ki, Azərbaycanın görkəmli filosof -şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyi onun anadan olmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin imzaladığı 1981-ci il 21 iyul tarixli qərara əsasən yaradılıb.
Muzeydə nümayiş etdirilən ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları sərgilənir. Həmçinin şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunan kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə zəngin təəssürat yaradır.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının məşqçi müəllim və idmançıları Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyində olublar. Diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 3 mindən çox eksponat mühafizə və nümayiş olunur. Görkəmli yazıçının və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid əsərlər və digər qiymətli eksponatlar kollektiv tərəfindən maraqla izlənilib.
Xosrov İbrahimov