"Barselona" səfərdə "Real Madrid"i darmadağın edib

A- A A+

Martın 21-də futbol üzrə İspaniya La Liqasında "Real Madrid"lə "Barselona" arasında növbəti "El-Klassiko" baş tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada hesabı 29-cu dəqiqədə Usman Dembelenin ötürməsi ilə Pyer-Emerik Obameyanq açıb. Bununla da Obameyanq "El-Klassiko"da qol vuran ilk qabonlu futbolçu kimi tarixə düşüb.

Otuz səkkizinci dəqiqədə Ronald Arauxo Dembelenin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirərək “Barselona”nın üstünlüyünü iki topa çatdırıb - 0:2. Matçın 47-ci dəqiqəsində Ferran Torres Obameyanqın ötürməsini qola çevirib – 0:3. Lakin Barselona təmsilçiləri bunlarla da kifayətlənməyib. Qarşılaşmanın 51-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edərək hesabı 0:4 edib. Arasındakı fərqi dörd topa çatdırıb.

Bu, "Barselona"nın son 7 "El-Klassiko"da "Real Madrid" üzərində ilk qalibiyyəti olub.

Məğlubiyyətə baxmayaraq, "Kral klubu" 29 oyundan sonra 66 xalla liderdir. Rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pillədədir.

Qeyd edək ki, bu qarşılaşma iki komanda arasında ümumilikdə 249-cu "El-Klassiko" olub. "Real Madrid" 100, "Barselona" 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib. La Liqa qarşılaşmalarında da "Real Madrid"in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.

"El-Klassiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları Serxio Ramos və Lionel Messidir. Hazırda Fransanın "Paris Sen-Jermen" klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: