NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılmasının 10 illiyi qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsinin önünə gül dəstəsi qoyub, öz ehtiramlarını bildiriblər.
Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən 5375 dəyərli eksponat sərgilənir.
Gənclər ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə bağlı maraqlanıblar.
Sonra tədbir Gənclər Fondunda davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi bütövlükdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib, Fondun fəaliyyəti təmin olunub.
Qeyd olunub ki, Gənclər Fondu ötən 10 ildə fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərə yönəlik layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi, onların mükafatlandırılması və digər istiqamətlərdə qurub. Ötən dövr ərzində Gənclər Fondu fəaliyyət istiqamətinə uyğun olaraq dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin və gənclər təşkilatlarının müxtəlif layihələrinin dəstəklənməsi və həyata keçirilməsi istiqamətində işlər görüb.
Cəbi Quliyev Naxçıvanda gənclərin inkişafı üçün yaradılan şəraitə görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Gənclər Fondunun yaradılmasının 10 illiyi münasibətilə bir qrup gəncə təşəkkürnamə təqdim edilib.
Sonda fondun gənclərlə iş sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Turab Hacızadə