FIDE Qran-prisi: Bu gün Şəhriyar Məmmədyarov yarımfinal görüşünü keçirəcək

A- A A+

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat FIDE Qran-prisinin III mərhələsində bu gün yarımfinal qarşılaşmaları oynanılacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Digər yarımfinal görüşü iranlı Amin Tabatabayi ilə ABŞ-ın digər şahmatçısı Uesli So arasında olacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: