“Araz-Naxçıvan” yeni baş məşqçi ilə müqavilə bağlayıb - FOTOLAR
Növbəti mövsümdə futbol üzrə Azərbaycan Birinci Divizionunda çıxış etməyi hədəfləyən “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu yeni baş məşqçi ilə razılaşıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandaya təyin olunan yeni baş məşqçi UEFA PRO kateqoriyalı məşqçi Azər Bağırovdur. Region Liqasının Muxtar Respublika üzrə zonasında mübarizə aparan klub təcrübəli mütəxəssis ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Azər Bağırov futbolçu illərində ardıcıl olaraq, “Qəbələ”, “Muğan” “Bərdə”, “Masallı”, “Bakı”, “Neftçi”, “Xəzər Universiteti” komandalarında çıxış edib. “Qarabağ” Futbol Akademiyasında da bu sahənin sirlərinə yiyələnən təcrübəli mütəxəssis 2010-cu ildən karyerasını məşqçilik üzrə davam etdirir. Azər Bağırov son olaraq Birinci Divizion təmsilçisi “Səbail-2” komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Azər Zeynalov