Naxçıvanda AFFA uşaq futbolu yarışlarına start verildi - FOTOLAR
Naxçıvanda AFFA-nın uşaq futbol liqaları və “Koka-Kola Məktəbli Kuboku”nun mərhələ yarışları keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi, klublarda hazırlanması və yığma komandalara cəlb olunması məqsədilə keçirilən turnirlərə bu gün start verilib. Gün ərzində “U-14 Liqası”nda dörddəbir final mərhələsinin qarşılaşmaları və “Koka-Kola Məktəbli Kuboku”nun ilk oyunu reallaşıb. Növbəti günlərdən etibarən “U-13”, “U-12”, “U-11” və “U-10” liqaları da start götürəcək.
Yarışlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil Nazirlikləri, eləcə də Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksinin futbol meydançasında keçirilir.
Qeyd edək ki, reqlamentə uyğun olaraq turnirlər “play-off” əsasında keçirilir və muxtar respublika üzrə qalib komandalar müvafiq liqaların final mərhələsinə vəsiqə əldə edəcək. Final mərhələləri Bakı şəhərində təşkil olunacaq.