Culfa idmançıları ilə görüş olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri Ramil Hacı və müavini Məcid Seyidov Culfa Rayon Uşaq-gənclər idman məktəbində məşq keçən cüdoçuların hazırlıq prosesi ilə tanış olublar. Məlumat verilib ki, burada həftə içi bütün günlər uşaq, yeniyetmə və gənclərin iştirakı ilə cüdo məşğələləri icra olunur. Məktəbin yetirmələri muxtar respublika, ölkə və beynəlxalq miqyaslı yarışlarda uğurlu nəticələr əldə edir, onların fiziki-mənəvi inkişafı, yarışlara hazırlıq prosesləri diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirib ki, nazir məşqçi-müəllim və idmançıların qayğıları ilə maraqlanıb, öz tövsiyə və fikirlərini çatdırıb. Qeyd olunub ki, bədən tərbiyəsi və idman ölkəmizdə, eləcə də muxtar respublikada dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Unutmamaq lazımdır ki, idman geniş coğrafiyada yayılıb, böyük nüfuzu və faydalı təsir dairəsi ilə hər bir fərdin, cəmiyyətin həyatında önəmli rola malikdir. Naxçıvan Güləş Federasiyası tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayan nazir deyib ki, muxtar respublikanın bütün şəhər və rayonlarında federasiyanın bölmələri fəaliyyət göstərir. Yaradılan şərait sayəsində sərbəst güləş, Yunan-Roma güləşi və cüdo üzrə ümumilikdə 66 qrupda məşqlər keçirilir, idmançıların yarışlarda iştirakı təmin olunur.
Ramil Hacı bildirib ki, rayonlarda idmanın müxtəlif növləri üzrə bölmə və qrupların fəaliyyət göstərməsinə baxmayaraq, bunların sayını artırmalı, məhdudiyyətləri aradan götürməliyik. Bunun üçün də ixtisaslı kadr ehtiyatının zənginləşdirilməsi işi davam etdirilir. Çıxışının sonunda idmançılara uğurlar arzulayan nazir, ardınca məşq prosesini izləyib.
Sonda idmançılarla xatirə fotosu çəkilib.