Tələbələr Culfanın tarixi abidələri və muzeyləri ilə tanış olublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə "Naxçıvanı kəşf et” layihəsi çərçivəsində gənclərin bölgələrimizə ekskursiyaları davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər bu dəfə "Culfanı kəşf edirik" devizi ilə rayondakı tarix-mədəniyyət abidələrini ziyarət ediblər.
Ekskursiya çərçivəsində tələbələr “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, Kür-Araz mədəniyyətini özündə əks etdirən Culfada 6 dünya, 72 ölkə və 119 yerli əhəmiyyətli tarixi abidə vardır. Onlardan ən çox maraq doğuranı və ziyarət olunan əzəmətli Əlincəqaladır. Qalada məskunlaşmış soydaşlarımızın həyat tərzi, mübarizə əzmi və qəhrəmanlıqarını özündə əks etdirən dəyərli eksponatlar muzeydə nümayiş etdirilir.
Qeyd olunub ki, ekspozisiyadakı saxsı qab və çıraqlar, qalanın ərazisindən aşkar olunan boyalı keramika parçaları muxtar respublikada sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir nümunələr kimi böyük əhəmiyyətə malikdir.
Ekskursiya iştirakçıları Azərbaycan memarlığının daş sənət incisi olan Gülüstan türbəsini də ziyarət ediblər. Qülləvari türbələr içərisində özünəməxsusluğu ilə seçilən nadir tarixi abidə orijinal quruluşu və ornamentləri ilə tələbələrin xüsusi diqqətini cəlb edib.
İştirakçılar rayon ərazisindəki digər tarixi abidə və muzeyləri də ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.
Aygün Hüseynova