Kikboksinq Federasiyası Daxili İşlər Nazirliyinin hamiliyinə verilib - FOTOLAR

A- A A+

2018-ci ildən fəaliyyətə başlayan və uğurlu nəticələr əldə edən Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası Naxçıvan MR Daxili İşlər Nazirliyinin hamiliyinə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən  iclasda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polkovnik Rəşad İsmayılov Kikboksinq Federasiyasının hamiliyə verilməsi ilə bağlı gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı muxtar respublikada uğurla fəaliyyət göstərən və fərqlənən federasiyalardan biri olan Kikboksinq Federasiyasının bundan sonra fəaliyyətinin daha da genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, uşaq, yeniyetmə və gənclərin idmana cəlbi, idmanın bu növündə kütləviliyin artırılması və federasiyaya dəstək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hamiliyinə verildiyini bildirib.

Federasiyanın sədri Xəyal Abdullayev çıxışında bildirib ki, hazırda federasiyaya aid 15 qrupda ümumilikdə 670 nəfər idmanla məşğul olur. 2020-2021-ci illər federasiya üçün yaddaqalan və uğurlu olub. Federasiya idmançıları təkcə kikboksinqdə deyil, digər döyüş idmanı növləri – universal döyüş, pankration, qrepplinq, MMA, uşu, hətta boks və güləş üzrə açıq birinciliklərdə iştirak edib və uğurlu nəticələrə nail olublar. Xüsusən də universal döyüş növündə böyük uğurlar qazanılıb. Bu istiqamətdə sərf edilən əmək və doğru strategiya sayəsində idmançıların sırasında ölkə, beynəlxalq və dünya səviyyəli yarışların qalib və mükafatçıları var. Xüsusilə federasiyanın qız idmançısı Röya Abdullayeva bu idman növü üzrə dünya çempionu kimi adını Naxçıvanın idman tarixinə yazdırmağı bacarıb.

Sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Rəşad İsmayılov hazırda 7 məşqçinin rəhbərliyi altında iki idman klubunun fəaliyyət göstərdiyi federasiyanın da fəaliyyətində  2021-ci ildə fasilələr yarandığını, lakin buna baxmayaraq federasiya tərəfindən məşqlərin davam etdirildiyini və  idmançıların iki beynəlxalq səviyyəli, üç ölkədaxili və dörd muxtar respublika daxilində turnirdə iştirak edərək uğurlu nəticələr əldə etdiyini deyib.

Diqqətə çatdırıb ki, muxtar respublika üzrə yalnız Naxçıvan şəhərində, Şərur və Kəngərli rayonlarında kikboksinq qrupları fəaliyyət göstərir. Əvvəllər Federasiyanın saytı fəaliyyət göstərsə də, hazırda saytın işi dayandırılıb. Kütləviliyinin artırılması üçün digər rayonlarda da yeniyetmələrin bu idman növünə cəlb edilməsinə nail olunmalı, bunun üçün orta məktəblərdə, kütləvi tədbirlərdə maarifləndirici söhbətlər aparılmalı, "Facebook” sosial şəbəkəsində yaradılmış səhifənin aktiv fazaya keçirilməsi təmin olunmalı, digər rayonlarda kikboksinq qruplarının açılması istiqamətində məşqçi-müəllimlər arasında stimul yaradılması üçün əlavə tədbirlər həyata keçirilməlidir. Bundan əlavə məşqçi-müəllimlərin peşəkarlıqlarının artırılması, yenilənən qaydaların vaxtında öyrənilməsi və məşğələlərin keyfiyyətinin yüksəldilməsi üçün mütəxəssislər cəlb edilməklə seminar-məşğələlərin təşkil olunması intensiv hal almalıdır.

Nazir qeyd edib ki, Kikboksinq federasiyasının Daxili İşlər Nazirliyinin himayəsinə verilməsi federasiyanın fəaliyyətinin inkişafına və təkmilləşməsinə əlavə stimul yaratmaqla yanaşı polis əmakdaşlarının da fiziki hazırlıq məşğələlərində məşqçi-müəllimlərin təcrübəsindən yararlanmasına təsir göstərəcəkdir. Nazirlik mövcud imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə etməklə göstərilən etimadı doğrultmağa çalışacaqdır.                                                           

  Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: