Gənclər arasında “Hədəf” atış təlimi keçirilib - FOTOLAR
Təlim Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə “Naxçıvan” Təlim Mərkəzində keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva qeyd edib ki, ötən illərdən etibarən keçirilən ənənəvi atış təlimlərində iştirak edən yüzlərlə gənc hədəfi düzgün nişanalma üsullarını öyrənib, vətənimizin müdafiəsinə hər an hazır olduqlarını göstəriblər.
Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, qumbaraatma və praktik atəş tapşırığı yerinə yetirilib. Təlimdə nazirliyin internet vasitəsilə elan etdiyi onlayn qeydiyyatdan keçən 60 gənc iştirak edib.
Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər.
Müvafiq qiymətləndirməyə əsasən fərqlənən iştirakçılar diplomla təltif olunublar.