Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün ikinci matçında "Neftçi" klubu "Sabah"ı qəbul edib.
"Bakcell Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqolun müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"i 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.
Oyundan sonra komandaların baş məşqçilərinin iştirakı ilə keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov komandasının müdafiədə yaxşı oynadığını və rəqibə şans vermədiyini deyib: “Qələbənin yaxşısı və ya pisi olmur. Gücümüzü ortaya qoyduq. Bu cür rəqibə qarşı oyunda iki əsas müdafiəçimiz iştirak etmirdi. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Lakin buna baxmayaraq, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq".
"Sabah"ın baş məşqçisi Murad Musayev matç ərzində böyük üstünlüyə sahib olduqlarını qeyd edib: “Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Rəqib komanda avtoqolumuzdan sonra axıradək müdafiədə oturdu. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular".
Musayev sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu söyləyib: "Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim “Sabah”dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”.
Baş məşqçi komandasının matçın əvvəlində zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: "Zəif oynamağımızla bağlı fikirlə razı deyiləm. Rəqib qoldan başqa, birinci hissədə bir dəfə də qol vəziyyəti yaratmadı".