Sağlamlıq imkanları məhdud olan yeniyetmələr arasında üzgüçülük yarışı keçirilib - FOTOLAR
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud oğlanlar və qızlar arasında üzgüçülük yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında Allahverən Səfərov, Fərid Qafarlı və Hüseyn Abdulluayev ilk üç pillədə qərarlaşıblar. Qızlar arasında isə qalib adını Səkinə Rəhimli qazanıb. Mələk Əhmədzadə ikinci, Nurgül Müslümova isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə fəxri fərmanlar, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, hazırda Paralimpiya Federasiyasının Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük bölmələri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə idman tədbirlərinin keçirilməsində əsas məqsəd onların muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.