İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo avrokubokların yarımfinal mərhələsinə ən çox vəsiqə qazanan mütəxəssis olub.
NUHÇIXAN İnformasiya Agentliyi "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu ada evdə Norveçin "Budye Qlimt" komandasını 4:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra yiyələnib.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan "canavarlar" iki görüşün nəticəsinə əsasən, mərhələ adlayıb. Finala gedən yolda İngiltərə "Lester"inə qarşı matçlar Mourinyo üçün məşqçilik karyerasında 11-ci yarımfinal dueli olacaq.
59 yaşlı mütəxəssis bu göstəricidə Aleks Fergüsson, Yupp Haynkes, Karlo Ançelotti və Xosep Qvardiola kimi baş məşqçiləri geridə qoyub.
O, həmçinin, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci mütəxəssis olub.