“Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı”na start verilib - FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə muxtar respublikada könüllülük fəaliyyəti həyata keçirən qurumların bu istiqamət üzrə məsul şəxslərinin iştirakı ilə “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” öz işinə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Gənclər Mərkəzində baş tutan proqramın açılış tədbirində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihə meneceri Vüqar Əliyev çıxış ediblər. Çıxışlarda ilk dəfə könüllülərlə iş sahəsində məsul əməkdaşlar üçün keçirilən proqramın olduqca uğurlu təşəbbüs olduğu vurğulanaraq layihənin könüllülərlə iş sahəsində yeni nailiyyətlərin əldə olunmasında, könüllülük fəaliyyətinin daha da genişlənməsində xüsusi rolu olacağına əminlik ifadə olunub.
Ardınca təlimə start verilib. Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov "Azərbaycanın gənclər siyasəti", Zoom platforması üzərindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli "Könüllülüyün qanunvericilik üzrə əsasları" mövzularında təlimlər keçiblər.
Qeyd edək ki, 22-24 aprel tarixlərini əhatə edəcək proqram çərçivəsində peşəkar mütəxəssislərin təqdimatında keçiriləcək təlimlər “Azərbaycanın gənclər siyasəti”, “Könüllülüyün qanunvericilik üzrə əsasları”, “Könüllülərin müsahibə prosesinin təşkili”, “Könüllülərin cəlb olunması və saxlanması” mövzularını əhatə edəcək.
Proqramın sonunda imtahan təşkil olunacaq və iştirakçılar imtahan nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiqləyən xüsusi sertifikatlarla təltif ediləcəklər.
Şövkət Kərimli