İdmançılar Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan idmançılarının muzeylərə ekskursiyaları təşkil olunub.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan Şahmat Federasiyasının üzvlərinin diqqətinə çatdırılıb ki, Naxçıvanın ilkin yaşayış yeri və şəhərsalma mədəniyyətinə aid zəngin eksponatların qorunub saxlanıldığı muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Karate federasiyasının üzvləri Bəhruz Kəngərli muzeyində olub. Rəssamın qısa, lakin əsrlərə sığmayan zəngin yaradıcılıq yolu barədə məlumat alan idmançılar muzeydə sərgilənənən eksponatlara maraqla baxıblar. Rəssamın orijinal əsərləri və onların fotosurətləri gənclərdə xüsusilə maraq oyadıb.
Güləş federasiyasının üzvləri isə Naxçıvan Dövlət Xalça Muzeyində olub. Kollektivə Naxçıvanda xalçaçılıq sənətinin qədimliyini, tarixiliyini sübut edən və muzeyin əsas ekspozisiyasına daxil edilən xalçalar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Naxçıvan xalçaları hər zaman orijinallığı, keyfiyyəti ilə seçilib. Müxtəlif kompozisiyalı, ornamental, sujetli, xovlu və digər qədim xalça nümunələri ziyarətçilərin böyük marağını cəlb edib.
Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət edən Boks federasiyasının üzvlərinə məlumat verilib ki, muzeydə görkəmli sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və digər materiallardan ibarət ümumilikdə 6 minə yaxın eksponat sərgilənir. Bu dəyərli nümunələrin hər biri gənclərin vətənpərvərlik tərbiyəsi baxımından dəyərli eksponatlardır.
Əli Məmmədov