Gənclər Ordubadın muzeyləri və mətbəxi ilə tanış olublar - FOTOLAR

A- A A+

Qədim Naxçıvanımızın turizm potensialını gənclərimizə tanıtmaq, təbliğ etmək məqsədilə ekskursiyalar və digər layihələr təşkil olunur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclər ötən şənbə günü Ordubad rayonunda yerləşən tarix-mədəniyyət abidələrini ziyarət ediblər.

Ekskursiya çərçivəsində gənclər tarixi Qeysəriyyə binasında yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Ziyarətçilər Ordubadın qədim tarixini, zəngin mədəniyyətini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat alıb, muzeydən zəngin təəssüratlarla ayrılıblar.

Ordubad rayonu təkcə qədim tarixi ilə deyil, eyni zamanda görkəmli şəxsiyyətləri ilə də tanınır. Gənclər bu diyarın yetirdiyi görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin ev-muzeyini ziyarət edib. Ötən əsrin əvvəllərində mühüm ixtiraları və tədqiqatları ilə dünya elminə misilsiz töhfələr verən alimin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq oyadıb.

Gənclər böyük mütəfəkkir, maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin zəngin irsini əks etdirən Ordubad şəhərindəki ev-muzeyini də ziyarət ediblər. Tanışlıq zamanı qonaqlar Məhəmməd Tağı Sidqinin milli təhsil və milli teatr tariximizə göstərdiyi misilsiz xidmətləri barədə məlumatlandırılıblar.

Ordubad rayonuna ekskursiya çərçivəsində gənclər rayon mərkəzində təşkil olunan kətə festivalında da iştirak edib,  Ordubadın özünəməxsus mətbəxi, dadlı təamlarına, xüsusilə Ordubad kətəsinə böyük maraq göstəriblər.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: