Boccia idman bölməsinin fəaliyyəti ilə tanışlıq olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov Naxçıvan şəhərindəki boccia idman bölməsində yaradılan şəraitlə tanış olub, idmançıların məşq prosesini izləyiblər. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Naxçıvan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov məlumat verib ki, 2016-cı ildən etibarən fəaliyyətdə olan bölmənin hazırda 10 idmançısı var. Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərinin müşayiəti ilə məşğələlərdə davamlı olaraq iştirak edir, məşqçi-müəllimlərin təlimatları əsasında boccia oynayırlar. Qeyd olunub ki, qazandıqları nailiyyətlər sayəsində milli komandanın heyətinə cəlb olunmuş bocciaçılarımız Qafqaz Hüseynov və Fuad Qəribov ölkəmizi beynəlxalq arenada təmsil edirlər.
Həmçinin boccia və digər paralimpiya idman növlərinin inkişaf istiqamətləri müzakirə olunub, idmanın sağlamlıq imkanları məhdud şəxslərin həyatındakı önəmindən danışılıb.
“Muxtar respublikada paralimpiya hərəkatının geniş vüsət alması, qazanılan uğurlar bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir”,- deyən gənclər və idman naziri Ramil Hacı məşqçi-müəllim və idmançılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.