Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ”ni 5:0 hesabı ilə darmadağın edən “Qarabağ” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
“Azersun Arena”dakı matçda hesabı 5-ci dəqiqədə Ramil Şeydayev açıb. Matçın 8 dəqiqəsindən sonra Kadi Borges fərqi artırıb. Braziliyalı yarımmüdafiəçi 17-ci dəqiqədə dublunu rəsmiləşdirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Leandro Andrade növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. 58-ci dəqiqədə isə Şeydayev özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Ağdam təmsilçisi Qəbələdəki ilk oyunda da qalib gəlmişdi - 3:1.
Uzun müddətdir zədədən əziyyət çəkən “köhlən atlar”ın ispaniyalı vingeri Xayme Romero 225 gündən sonra meydana qayıdıb.
Qeyd edək ki, “Qarabağ”ın finaldakı rəqibi “Neftçi” – “Zirə” cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk oyunda hesab açılmayıb.