“Naxçıvanın turizm könüllüləri” loqotipi təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Mərkəzində “Naxçıvanın turizm könüllüləri” loqotipinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, könüllülük fəaliyyətinin ildən-ilə genişləndiyini qeyd edib. Bildirilib ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması, o cümlədən muxtar respublikada fəaliyyət göstərən bir sıra dövlət və özəl qurumlarla könüllülük layihələrinin həyata keçirilməsi gənclərin bu sahəyə olan marağını daha da artırıb. 2 ilə yaxındır ki, muxtar respublikada “Turizm könüllüləri” fəaliyyət göstərir. Ötən dövrdə Naxçıvanın geniş təbliğində yaxından iştirak edən könüllü gənclər turistik məkanları, tarixi-mədəniyyət abidələrimizi və milli adət-ənənələrimizi sosial media vasitəsilə daha geniş platformada tanıdıblar.     

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı diqqətdə saxlanılır, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Turizm işinin təşkili” ixtisasları üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən sözügedən ixtisasda təhsil alan tələbələr departamentin hamiliyinə verilib. Hamilik tədbirləri ilə yanaşı, bu ixtisas üzrə təhsil alan tələbələr “Turizm könüllüsü” layihəsi çərçivəsində muxtar respublikada keçirilən festivallarda və digər mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər.  

Vurğulanıb ki, bu gün təqdimatı keçirilən turizm könüllüləri loqotipi turizm təbliğatçıları olan gəncləri vahid simvol ətrafında birləşdirəcək və onların daha sıx əməkdaşlığına stimul verəcək.

Departamentin əməkdaşı Orxan Cəfərov könüllülərə “Naxçıvanın turizm könüllüləri” loqotipini təqdim edib.

Sonra Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxa baxış olub.

Tədbirdə həmçinin layihəyə yeni qoşulan turizm könüllüləri ilə könüllülük müqaviləsi bağlanıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: